Lizinq nədir? Kredit yoxsa Lizinq?

Lizinq xidmətinin yaranma tarixi

Lizinq iqtisadi leksikona lizinq (ingiliscə “lease” – icarəyə vermək) sözü kimi daxil olmuşdur. Adından da göründüyü kimi burada lizinq münasibəti hər hansı əmlakı icarə əsasında əldə edərək istifadə etməkdir. 

Lizinq xidmətinin hazırda daha çox yayılmış növləri 1952-ci illərdən ABŞ-da yaranmağa başladı və bu yeni növ maliyyə xidməti öz üstünlükləri baxımından sürətlə inkişaf etdi.

Qərbi Avropada ilk maliyyə lizinqi xidmətini verən şirkətlər 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yaranıb. Lakin lizinq əməliyyatlarının statusunun vergi və vətəndaş qanunvericiliyində qeyri-müəyyən olması inkişafın qarşısını alırdı. Yalnız vergi qanunvericiliyində lizinq müqvilələri öz əksini tapdıqdan sonra lizinq əməliyyatlarının inkişaf tempi artdı və 80-ci illərdə onların sayı 40-a yaxın idi. 

Artıq 60-cı illərdən etibarən lizinq əməliyyatları Asiya qitəsində də inkişaf etməyə başladı. Hazırda lizinq xidməti üzrə dünya bazarının əsas hissəsi “ABŞ – Qərbi Avropa – Yaponiya” üçbucağında cəmlənib. Qərbi Avropada lizinqverən rolunda bank və onun törəmə şirkətləri tərəfindən idarə olunan ixtisaslaşmış lizinq şirkətləri çıxış edirlər.

Lizinq nədir

Lizinq nədir? Kredit yoxsa Lizinq?

Lizinq nədir?

Lizinqalanın, yəni icarəyə götürənin, icarəyə verənə, yəni əmlakın sahibinə əmlakdan istifadəyə görə ödəmə etdiyi bir razılaşmadır. Lizinq nədir soruşanlar əksər hallarda lizinqi pul krediti ilə səhv salırlar – bu pul krediti deyil, nəqliyyat vasitəsi, avadanlıq və digər əsas vəsaitlərin əldə edilməsi və lizinqalanın istifadəsinə verilməsi üçün lizinqverən tərəfindən həyata keçirilən bir maliyyələşmə mexanizmidir. 

Lizinq əməliyyatının tərəfləri lizinqverən, satıcı/təchizatçı və lizinqalandır. Lizinqalanın sifarişi ilə lizinqverənin vəsaiti hesabına əmlak satıcı/təchizatçıdan alınaraq lizinqalanın istifadəsinə verilir. Burada lizinqverən əmlakın qanuni sahibidir, əmlak üzərində sərəncam vermək hüququna malikdir. Lizinqalanın isə müntəzəm ödənişlər müqabilində əmlakdan istifadə etmək və saxlamaq hüququ vardır. Tərəflərin razılaşması və ödənişlərin şərtlərindən asılı olaraq lizinq müqaviləsinin sonunda lizinqalan həmin əmlak üzərində mülkiyyət hüququ qazana bilər.     

Lizinq əməliyyatının növləri

  • Maliyyə lizinqi – Maliyyə lizinqi ən geniş yayılmış formadır. Maliyyə lizinqində əmlakın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu əmlakın lizinqalana satılması nəzərdə tutulur (ölkəmizin qanunvericiliyində mülkiyyət hüququ müqavilə sonunda birbaşa olaraq lizinqalana keçir). Maliyyə lizinqində əmlakı adətən müştəri (lizinqalan) seçir və lizinq şirkətinə bu əmlakın alınması üçün sifariş verir. Maliyyə lizinqində əmlak lizinqalanın istifadəsində olduğu üçün adətən əmlakla bağlı fayda və zərər lizinqalana aiddir. Maliyyə lizinqi bir maliyyələşdirmə növüdür və lizinqalan tərəfindən seçilən avadanlığın lizinqverən tərəfindən alınaraq lizinqalanın istifadəsinə verməkdən ibarətdir. Bu növ lizinq xidməti Azərbaycanda geniş tətbiq olunur və ölkə qanunvericiliyinə əsasən bu məhsuldan yalnız vergi ödəyiciləri istifadə edə bilərlər.
  • Əməliyyat lizinqi – Əməliyyat lizinqi  mülkiyyət hüququ ötürülmədən bir aktivin istifadəsi və istismarı barədə razılaşmadır. Lizinqə verilən predmetlər əmlak, avtomobil, avadanlıq, ağır texnika və s. ola bilər. Əməliyyat lizinqi zamanı götürülən aktivlər əməliyyat xərcləri kimi balans hesabatında qeyd edilə bilər. Lizinqin bu növündə maliyyə lizinqi ilə müqayisədə müqavilə müddəti daha qısa müddətli, lizinq ödənişləri isə maliyyə lizinqinin faiz xərcindən daha çox olur. Adətən dəyəri yüksək olan və lizinqalan tərəfindın qısa müddətə istifadə olunması nəzərdə tutulan əmlaklar əməliyyat lizinqi vasitəsilə əldə edilir. 
  • Leaseback – Satış və geriyə lizinq. Lizinqalanın maliyyə ehtiyacını qarşılayan ən sərfəli maliyyə xidmətlərindəndir. Belə ki, lizinqalan mülkiyyətində və istifadəsində olan əmlakı lizinq şirkətinə sata və eyni zamanda geriyə lizinqə götürə bilər. Bu zaman lizinqalan həm əmlakı özündə saxlayır, istifadə edir və eyni zamanda digər ehtiyaclarını ödəmək üçün pul vəsaiti əldə edir.

 

Kredit yoxsa Lizinq? Hansı daha üstündür?

Ehtiyacdan asılı olaraq təbii ki, hər bir məhsulun öz üstünlükləri var. Lakin daha rəqabətli fəaliyyət,  mənfəətliliyin artırılması, xərclərin azaldılması, vergi üstünlüyü, kredit riskinin qiymətləndirilməsi, maliyyənin daha asan əldə olunması və s. baxımından lizinqin bəzi üstünlüklərini aşağıda qeyd edə bilərik:

  • Ən müasir texnologiyanın tətbiqinə imkan verən, sizin məhsul və xidmətlərinizin keyfiyyətini artıran əmlakı çox rahat şəkildə əldə edirsiniz.
  • Lizinq pul vəsaiti yox, əmlakı təqdim edir. Bu zaman ayrılan vəsaitin təyinatı üzrə tam düzgün istifadə edilməsinə əminlik yaranır.
  • Lizinq vasitəsilə əmlak əldə edilərkən girov tələbi olmadığından kreditlə müqayisədə bu maliyyə aləti daha asan əldə edilə bilir.
  • Lizinq vasitəsilə əldə olunan əmlak ƏDV-dən azaddır.
  • Əldə edilən əmlakdan yaranan amortizasiya xərcləri vergi üstünlüyü yaradır.
  • Lizinqalan müqaviləyə istənilən zaman xitam verə bilər. Bu zaman o, lizinq obyektinin əldə edilməsi üçün lizinqverən tərəfindən ayrılmış vəsaiti tam şəkildə lizinqverənə ödəməyə borclu deyil.
  • Təqdim olunan əmlaklar əsasən idxal olunan əmlak olduğundan ABŞ dollarının bahalaşması zamanı maliyyə itkisi baş vermir. Belə ki, lizinqalan aşağı faizlə vəsait əldə etmək üçün ABŞ dolları seçə bilər. ABŞ dolları bahalaşdığı zaman isə əmlakın dəyərinin qalxmasından yaranan mənfəət lizinqalanın ABŞ dolları üzrə pul öhdəliyindən yaranan zərərdən çoxdur. Nəticədə lizinqalan mənfəət əldə edir və heç bir maliyyə itkisi ilə üzləşmir.
  • Lizinqalan əmlakın seçilməsi, əldə edilməsi, ölkəyə gətirilməsi, gömrük rəsmiləşməsi, quraşdırılması, təlimi və s. üzrə peşəkar lizinq mütəxəssislərinin məsləhətlərindən faydalanır və əməliyyat risklərindən azad olur. 

 

Lizinq prossesi:

  1. Lizinqalan əldə etmək istədiyi əmlak barədə məlumat verməklə lizinqverənə müraciət edir;
  2. Lizinqverən daxil olmuş müraciət üzrə lizinq obyektinin funksionallığı, keyfiyyəti, real bazar dəyəri və lizinqalanın maliyyə vəziyyətini təhlil edərək qərar verir;
  3. Lizinq, alqı-satqı müqavilələri bağlanır və lizinqverən əmlakın əldə edilməsini təmin edir; 
  4. Lizinq obyekti tam işlək və saz vəziyyətdə lizinqalana təhvil verilir;
  5. Mümkün riskləri qarşılamaq məqsədilə lizinq obyekti lizinqverən tərəfindən sığortalanır; 
  6. Qarşılıqlı razılaşma əsasında lizinq ödənişləri qrafiki tərtib olunur və lizinq ödənişləri lizinqalan tərəfindən lizinqverənə ödənilir;
  7. Lizinq dövründə lizinq obyekti ilə bağlı yaranan hər hansı problemlə (sığorta hadisəsi, təmir, yoxlanış, sistemin yenilənməsi və s.) bağlı lizinqverən lizinqalana dəstək və məsləhət verir;
  8. Lizinq münasibəti başa çatdıqdan sonra əmlak lizinqalanın mülkiyyətinə keçir.

 

Lizinq vasitəsilə əldə edə biləcəyiniz lakin bunlarla məhdudlaşmayan əmlaklar:

  • İstehsalat və emal avadanlıqları;
  • Yük və minik avtomobilləri, avtobuslar, xüsusi texnikalar;
  • Soyuducu və saxlanc anbarları, anbar avadanlıqları;
  • Tibb və kosmetoloji avadanlıqlar;
  • Daşınmaz əmlak (qeyri-yaşayış sahələri);
  • Tikinti texnikaları;
  • İT avadanlıqları;
  • Kənd təsərrüfatı texnikaları.

 

WeCreativez WhatsApp Support
Salam. Girovsuz Biznes kredit lazımdır? Elə indi Whatsapp Konsultasiya ilə sizi maraqlandıran suallara operativ cavab alın!
👋 Sizə necə kömək edə bilərik?

Müraciət

    Lizinq Kalkulyatoru

    AZN
    AZN
    m
    %

    Aylıq Ödəniş

    91.68 AZN